
“Xocalı soyqırımını törədənlərin ifşası istiqamətində ciddi nailiyyətlər əldə edəcəyik”
Əli Həsənov: “Dünya ölkələrinin ictimai dairələrinin diqqətini bu faciəyə, o vəhşilikləri törədənlərə cəlb etmək fikrimiz var”
“Azərbaycan hökuməti bu il Xocalı soyqırımı ilə bağlı daha mütəşəkkil tədbirlər həyata keçirir. Hamımızın bildiyi kimi, bu il Xocalı faciəsinin 20-ci ili tamam olur. 20 illiyin yüksək - Xocalı şəhidlərinin ruhuna layiq, faciənin səviyyəsinə adekvat şəkildə keçirilməsi Azərbaycan prezidenti tərəfindən sanksiyalaşdırılıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri Azərbaycan prezidentinin Xocalı soyqırımının qeyd olunması ilə bağlı sərəncamının olduğunu xatırladaraq bildirib ki, müvafiq tədbirlər ölkə ilə yanaşı, xaricdə də mütəşəkkil qaydada keçiriləcək: “Bir ucu Asiya ölkələri, bir ucu Avropa, bir ucu Amerika qitəsi ölkələrində – demək olar ki, Azərbaycan səfirliklərinin, diasporunun təmsil olunduğu, xarici siyasətimizin əli çatan bütün ölkələrdə, bütün dairələrdə tədbirləri sistemli şəkildə keçirmək və həmin ölkələrin ictimai dairələrinin diqqətini bu faciəyə, o vəhşilikləri törədənlərə cəlb etmək fikrimiz var.
Bundan başqa, Azərbaycan hökuməti harada mümkündürsə, Xocalı faciəsinin həmin ölkələrin parlamentində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində ciddi addımlar atır. Bu iş də sistemli şəkildə aparılır. Bu il biz həm dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın, həmçinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Leyla Əliyevanın sədrliyi ilə həyata keçirilən tədbirlərin effektivliyinin, Heydər Əliyev Fondunun və digər təşkilatların neçə illərdən bəri gerçəkləşdirdiyi tədbirlərinin təsirliyinin artırılması istiqamətində vahid proqram əsasında işlər həyata keçiririk. Düşünürük ki, yaxın müddətdə bunun nəticələrini həm Azərbaycan, həm də dünya ictimaiyyəti görəcək. Bu il biz Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, bu faciənin günahkarlarının ifşa edilməsi istiqamətində sözün həqiqi mənasında ciddi nailiyyətlər əldə edəcəyik”.
apa.az