
Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunun prezidenti olmağa çox yaxındır. Lent.az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı iş adamı bu postu hazırkı prezident Yıldırım Dəmirörənin Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti seçiləcəyi təqdirdə tuta bilər.
TFF-in yeni başçısı fevralın 27-də bəlli olacaq. Dəmirörən bu vəzifəyə seçilməyə daha şanslı namizəd sayılır. Federasiya prezidenti olacağı halda, martın 25-də “Beşiktaş” klubunda da seçki təyin olunacaq. Hazırkı idarə heyətindən kiminsə prezidentliyə namizəd olacağı gözlənilmir. Klub cameəsi maliyyə imkanları geniş olan şəxsin bu vəzifəyə seçilməsini istəyir. Favorit qismində isə Mənsimovla “Anadolu” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Tuncay Özilhanın adı çəkilir.
Qeyd edək ki, artıq Mübariz Mənsimovun klub prezidentliyi təcrübəsi var. O, Azərbaycanın “Xəzər Lənkəran” klubunun qurucusu və ilk prezidentidir. Hazırda bu vəzifəni onun qardaşı Mais Mənsimov tutsa da, özü fəxri prezident olaraq, komandaya nəzarət edir.
lent.az