Gün.Az məlumat verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiriFuad Ələsgərovun qeyd edib ki, Azərbaycan iqtisadi, siyasi baxımdan dinamik inkişaf edən müasir ölkədir.
“Bu tempin saxlanılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Ölkəmizin inkişafını sürətləndirən amillərdən biri də korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü, qətiyyətli siyasətdir”.
F.Ələsgərov vurğulayıb ki, əgər bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığına nəzər yetirsək biz Azərbaycanın seçdiyi strategiyanın uğurlu olmasının şahidi olarıq.
“Strategiya həm də ona görə uğurlu olub ki, onun hazırlanması prosesində ən yaxşı təcrübələrdən istifadə edilmiş, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti üzvləri bu prosesə cəlb ediliblər”.
Azərbaycanda korrupsiyaya qarsı mübarizənin əsas istiqamətlərindən biri də şəffaflığın təmin edilməsi üzrə tədbirlərdən ibarət olduğunu deyən F.Ələsgərov, informasiyanın açıqlığı və onun rahat əldə edilə bilən formada ictimaiyyətə çatdırılması hər bir dövlət orqanının fəaliyyətində mühüm vəzifələrdən olduğunu bildirib.
“Şəffaflığın təmin edilməsində və ümumiyyətlə dövlət idarəçiliyində müasir texnologiyalardan istifadəyə mühüm yer verilir. Elektron xidmətlər dövlət qulluqçusu vətəndaş əlaqələrini aradan qaldırmaqla, həmçinin korrupsiyaya qarşı mübarizədə kəsərli bir vasitə kimi çıxış edir. Bu gün ölkəmizdə 43 dövlət orqanı tərəfindən əhaliyə elektron xidmətlər göstərilir”.
O qeyd edib ki, səffaflığın daha da artırılması, dövlət orqanlarının açıqlığının, vətəndaş iştirakçılığının təmin edilməsi məqsədi ilə korrupsiyaya qarşı milli strategiya çərçivəsində yeni Fəaliyyət Planı hazırlanır.
“Sənədin layihəsi ilə bağlı təkliflərini bildirməsi üçün yaxın zamanlarda geniş ictimai müzakirələrin keçirilməsi planlaşdırılır”.
Gün.Az