Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır.
Gün.Az xəbər verir ki, bunu Qusar rayonuna səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
O qeyd edib ki, bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur.
“Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir. Bunun qarantı mənəm – Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıbdır və olmayacaqdır. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir.
Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər”.
Prezident qeyd edib ki, gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür!
“Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir.
Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir”.
Gün.Az