
“Eurovision” qonaqları üçün gəmilər təmirə dayandı
Bir neçə gün əvvəl yayılan məlumata görə, may ayında keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi zamanı Bakıya gələcək qonaqlar villalarda və gəmilərdə yaşayacaq. Lent.az-ın əldə etdiyi məlumata görə, artıq Xəzər Dəniz Gəmiçiliyinə məxsus 4 gəmi-bərə bu məqsədlə təmirə dayanıb. Hər zaman sərnişinlərin xidmətində olan bərələrdəki otaqlar, istirahət zalları, xidmət yerləri, ümumiyyətlə bütün gəmi təmir olunur.
Xəzər Dəniz Gəmiçiliyindən Lent.az-a bildiriblər ki, gəmilər ciddi dəyişikliyə məruz qalmayacaqlar və demək olar ki, kosmetik təmir olunurlar.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, paytaxtımıza gələn qonaqların villalara yerləşdirilməsinə üstünlük veriləcək. Əgər turistlər və ya musiqiçiləri əhatə edən kollektivlər özləri istəsələr onlar gəmilərdə yerləşdiriləcək. Bunun üçün lazım gələrsə Rusiyadan 2 ədəd müasir standartlara cavab verən gəminin gətirilməsi də planlaşdırılır.
Nizam RZA
lent.az